40°10′11″ şm. e. 141°43′25″ ş. u.HGYO

Kuci Kəhrəba Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kuci Kəhrəba Muzeyi
Xəritə
Əsası qoyulub 1984
Açılış tarixi aprel 1984
Mövzu kəhrəba
Ölkə
40°10′11″ şm. e. 141°43′25″ ş. u.HGYO
kuji.co.jp/museum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kuci Kəhrəba Muzeyi (久慈琥珀博物館, Kuci Kohaku Hakubutsukan?)Yaponiyanın İvate prefekturasının Kuci şəhərində yerləşən və kəhrəbaya həsr olunmuş muzey. Muzey ekspozisiyasına kəhrəbalar, nadir əşyalar, kəhrəba içərisində qalmış fosillər, arxeoloji və tarixi materiallar daxildir. Yaponiyanın yeganə kəhrəba muzeyidir.[1]

Kuci regionu Yaponiyada ən böyük kəhrəba istehsalçısı kimi tanınır. Kuci kəhrəbası Gec Təbaşir dövrünə aid edilir və qədim dövrlərdən etibarən Yaponiyada hasil edilir.[2] Regionda hasil edilmiş kəhrəbalarda fosillər və yeni növlər aşkarlanır.[3] Muzey 1984-cü ildə "Kuji Amber" şirkəti tərəfindən açılmışdır.[2] 2024-cü ildə muzeyin 40 illiyi münasibətilə "Böyük kəhrəba sərgisi" adlı xüsusi sərgi keçirilmiş, içərisində cücü fosili olan 40 kəhrəba nümayiş etdirilmişdir.[4]

Kəhrəba tuneli.

Muzey qədim zamanlardan etibarən kəhrəba hasilatı ilə məşğul olan Kuci şəhərində, Osavada çayının sahilində yerləşir və Yaponiyada kəhrəbaya həsr olunmuş yeganə muzeydir. Muzey əsas və yeni bina olmaqla iki ayrı binadan ibarətdir. Muzey kompleksinə kəhrəba dükanı, emalatxana, kəhrəba tunellərinin qalıqları daxildir. Kəhrəba hasilatına görə tanınan Litvanın Klaypeda şəhəri ilə Kuci şəhəri arasındakı qardaşlıq əlaqələri səbəbilə muzey yaxınlığında Qintaro Litva Zalı yaradılmışdır.[2]

Yeni muzey binada bir neçə guşə yerləşir. Muzeyin simvolu olan "Günəş daşı" adlı günbəz nəhəng kəhrəba daşını və zaman kapsulunu əks etdirir.[5] "Qədim meşə" guşəsində Kuci regionunun 90 milyon il əvvəlki görüntüsü yaradılıb və kəhrəbanın mənşəyi izah olunub. "Kəhrəba laboratoriya" bölməsində kəhrəbalara mikroskop altında baxmaq və kəhrəbanın fiziki-kimyəvi xüsusiyyətlərini təcrübələrlə öyrənmək üçün şərait yaradılıb. "Kəhrəba işıqlandırması" guşəsi kəhrəbanın sağaldıcı və rahatlaşdırıcı xüsusiyyətlərinə həsr olunub. Burada müxtəlif rənglərdə parlayan kəhrəbalar nümayiş etdirilir. "Kəhrəba qalereyası" bölməsində kəhrəbadan hazırlanmış sənət işləri sərgilənir və xüsusi keçirilir. Dünyanın ən böyük kəhrəba mozaikası burada nümayiş etdirilir.[2]

Əsas muzey binasında Kuci regionundan və xarici ölkələrdən olan kəhrəba nümunələri sərgilənir. Muzeyin kolleksiyasına 4000 eksponat daxildir.[6] Kucidə tapılmış ən ağır kəhrəba daşı (10 kq) eksponatlar arasındadır.[7] Muzey iki mövzuya ev sahibliyi edir: "Sirli zaman kapsulu" və "İnsanlar və kəhrəba". Birinci mərtəbədə qədim kəhrəba nümunələri sərgilənir. Burada Baltik dənizində tapılmış, 45 milyon il yaşı olan, içərisində cırcırama fosili olan kəhrəba, eləcə də, İvate prefekturasının Taneiçi qəsəbəsində tapılmış və 1997-ci ilin martında açıqlanmış, dünyanın ən qədim quş lələyi fosilini ehtiva edən kəhrəba nümayiş etdirilir. İkinci mərtəbə Yaponiyada kəhrəbanın hasilatına və kəhrəbadan hazırlanmış zərgərlik məmulatlarına həsr olunmuşdur. Burada maqatama kəhrəbaları və Nara prefekturasındakı kofunlardan çıxarılmış kəhrəba məmulatları sərgilənir.[2]

Əməkdaşlıq və tədqiqatlar

[redaktə | mənbəni redaktə et]
Kucidə tapılmış kəhrəba.

Kəhrəba otağının yerləşdiyi Böyük Yekaterina Sarayı Muzeyinin direktoru olan İvan Sautov 2004-cü ilin iyununda muzeyin yeni binasının açılışında iştirak etmiş və iki muzey arasında qardaşlıq əlaqələrinin əsası qoyulmuşdur. İki muzey arasında əlaqələr 1991-ci ildən sonra başlamış, Böyük Yekaterina Sarayı Muzeyinin işçiləri bura gələrək muzey üçün böyük kəhrəba mozaikaları hazırlamışdırlar. Muzeydə 4 böyük kəhrəba mozaikası yerləşir: "Rusiya / Sülh və müharibə", "Qızıl gül / Qızıl zal", "Kəhrəbanın şəfəqi Kuci" və "Dəniz qızının göz yaşları / Yurate".[2]

Muzey Kuci regionunda paleontoloji araşdırmalarda, yeni növlərin və fosillərin kəşf edilməsində iştirak edir. 2010-cu ilin iyununda muzeydə pterozavr fosili kəşf olunmuşdur.[8] 2017-ci ildə Kucidə kəşf edilmiş timsah fosili muzeyə gətirilmiş və dünyada ilk dəfə olaraq bir timsah fosilinin 3D analizi aparılmışdır.[9]

  1. "久慈琥珀". Kuci şəhərinin rəsmi saytı (yaponca). 1 fevral 2024. 23 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2024.
  2. 1 2 3 4 5 6 "久慈琥珀博物館". Muzeyin rəsmi saytı (yaponca). 23 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2024.
  3. "カメ化石は新種 久慈琥珀博物館、9千万年前の東北が熱帯か". Iwate Nippo (yaponca). 24 aprel 2021. 13 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2024.
  4. "太古のロマン、琥珀ずらり100点 久慈琥珀博物館40周年特別展". Iwate Nippo (yaponca). 25 aprel 2024. 23 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2024.
  5. "映画『ジュラシック・パーク』を彷彿させる、まさに恐竜時代の「琥珀」を展示 休暇村中宮古では、国内唯一の琥珀専門博物館「久慈琥珀博物館」入館券付き宿泊プランを販売します". PR Times (yaponca). 27 mart 2024. 23 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2024.
  6. "私のイチオシコレクション)琥珀 久慈琥珀博物館 新田久男". Asahi Digital (yaponca). 8 dekabr 2012. 30 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2024.
  7. "琥珀の新たな付加価値を求めて【地面の下のたからもの】". Science Portal (yaponca). 26 aprel 2023. 23 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2024.
  8. "「空飛ぶ恐竜」翼竜の化石を博物館敷地で発見". Internet Museum (yaponca). 8 iyul 2011. 23 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2024.
  9. "ワニは恐竜も食べた? 岩手・久慈琥珀博物館が世界で初めて化石を3D分析". Kahoku News (yaponca). 11 iyul 2024. 23 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]