34°24′34″ şm. e. 131°23′57″ ş. u.HGYO

Meyrinkan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Meyrinkan.

Meyrinkan (明倫館?)Yaponiyanın Çoşu hanında mövcud olmuş məktəb. Tokuqava dövründə Yaponiyanın üç əsas han məktəbindən biri olmuşdur. Məktəbin adı Çin filosofu Men-Tszı ilə əlaqədardır.[1]

Meyrinkan 1719-cu ildə Çoşunun 6-cı daymyosu tərəfindən yaradılmışdır.[2] Məktəb ilkin olaraq Haqi qəsrinin qırağında yerləşsə də, 1849-cu ildə daha çox samurayın gəlməsi üçün qəsr şəhərinin mərkəzində yenidən tikilmiş, daha böyük (50.107 m²) məktəbə çevrilmişdir. Məktəbin təxminən 20%-lik sahəsi (9.966 m²) hərbi təlimlər üçün ayrılmışdır. Məktəbə daxil olma siyasətində islahatlar aparılmış və ilk dəfə olaraq aşağı rütbəli samurayların oğullarının təhsilinə icazə verilmişdir.[1]

Kido Takayoşi,[3] Yoşida Şoin, Takasuqi Şinsaku kimi samuraylar məktəbin şagirdləri olmuşdurlar.[2] Tosa hanından olan samuray Sakamoto Ryoma 1862-cii ldə Haqiyə səfər etmiş və məktəbin təlim zalında Çoşu samurayları ilə məşq etmişdir. Tikilidə bu faktı əks etdirən lövhə quraşdırılıb.[1]

Meyrinkanda döyüş sənətləri ilə məşğul olmaq üçün 7 otağı var idi. Dörd otaq qılınc, üç otaq isə nizə təlimləri üçün nəzərdə tutulmuşdur. Meyrinkanın döyüş sənəti zallarından biri hələ də salamatdır. Tokuqava dövründə Kenso keykoba kimi tanınan bu tikili həm qılınc, həm nizə təlimləri üçün nəzərdə tutulmuşdu.[1]

Zalın mərkəzində yerləşən qonaq otağı təlimləri izləməyə gələn daymyolar üçün nəzərdə tutulmuşdu. Daymyo üçün xüsusi hamam tikilmiş və əlavə qalın divarlar sui-qəsd cəhdlərinin qarşısını almaq məqsədi güdürdü. Hər bir təlim otağında daymyo üçün təlimləri izləmək üçün xüsusi bölmə mövcud idi. Təlim zalının yaxınlığında yerləşən gölməçədə (ölçüləri 15,5 x 39,5 metr, dərinliyi 1,5 metr) samuraylar üzgüçülüklə məşğul olur, suda ata minməyə çalışırdılar. Meyrinkan Yaponiyada üzgüçülük üçün nəzərdə tutulmuş gölməçəsi olan yeganə han məktəbi olmuşdur.[1]

Haqi Şəhər Meyrin İbtidai Məktəbinin ərazisində yerləşən Meyrinkanın tarixi qalıqlarına əsas darvaza, döyüş sənəti zalları və üzgüçülük hovuzu daxildir. Bu tikililər Yaponiya hökuməti tərəfindən Milli Tarixi Yer statusu almışdır.[1]

  1. 1 2 3 4 5 6 Vaporis. səh. 97
  2. 1 2 Vaporis. səh. 96
  3. Vaporis. səh. 158
  • Vaporis, Constantine Nomikos. Samurai: An Encyclopedia of Japan’s Cultured Warriors (ingiliscə). Bloomsbury Academic. 2019. səh. 97. ISBN 9781440842702. İstifadə tarixi: 25 avqust 2024.